?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Günel Mövlud:

"Birinci sinifdə oxuyurdum. Məktəbin qaydalarına görə birinci sinif şagirdlərini mütləq valideynləri gəlib evə aparmalı idi - tək buraxmırdılar. Bir gün arxamca heç kim gəlmədi. Müəlliməmlə, sinif rəhbərimlə oturub, gözlədik. Bir saat, iki saat, üç saat. Heç kim gəlmədi. Dedim ki, evimiz yaxındı, özüm də gedə bilərəm. Müəlliməm buraxmadı. Paltomu, əlcəklərimi geydirdi, şərfimi sarıdı, çantamı əlinə aldı və məni evinə apardı. Çay dəmlədi, şirin kökələr gətirdi, şəhərdə oxuyan oğlunun uşaqlıq kitablarını qarşıma tökdü, bir neçəsini mənə bağışladı. Axşam atam gəldi. O heç nə demədi, yanımda atamı danlamadı, heç nə soruşmadı. Yenə məni geyindirdi, kitabları çantama yığdı və atamla yola saldı. Səhəri gün valideynlərmi məktəbə çağırdı, onlarla nə danışdı, nə danışmadı - bilmirəm.

İkinci sinifə keçəndə idman dərsləri başladı. Sinif rəhbərim may ayından bütün valideynlərə tapşırmışdı ki, ketlər alsınlar idman dərsi üçün. Dərs başlayanda məlum oldu ki, hamının ketləri var, məndən başqa. Sinif rəhbərim əlimdən tutub, evimizə gəldi. Atamı qarşısında otuzdurdu. Və dedi:

- 20 ildir müəlliməyəm. 20 ildir şagirdlərimdən valideynlərinə şikayət edirəm. Amma inciməyin, indi sizdən uşağınıza şikayət edəcək həddə gəlmişəm. 3 ay ərzində uşağa bir cüt ket tapmaq bu qədər çətin idi? O keti mən də ala bilərəm, amma unutmayın, bir ailədə, bir ölkədə ki, nəsə uşağın təhsilindən daha vacibdir, nə o ailə normal ola bilər, nə o ölkə.

İki il sonra o məktəbi, o şəhəri, o ölkəni tərk elədik. Sinif rəhbərimin göz yaşları hələ də yadımdadır. O yenə mənə bir qucaq kitab bağışladı və dedi:

- Mən belə görürəm ki, sənə bunlardan başqa kömək edən olmayacaq...

Qarabağda yaşadığımız iki il ərzində ondan hər ay məktub aldım. Köçkünlük həyatı, ünvanımın itməyi, ağır sarsıntı alaqələrimizi kəsdi. Biz ayrılanda onun 50-dən çox yaşı vardı. İndi sağdır, yoxsa yox, bilmirəm.

Dünyasını dəyişibsə, qəbrin nurla dolsun, Valentina Fyodorovna! Sənin beynimə və həyatıma səpdiyin bir ovuc işıq hələ də bitməyib..."

Latest Month

Сентябрь 2016
Вс Пн Вт Ср Чт Пт Сб
    123
45678910
11121314151617
18192021222324
252627282930 

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner